Yanğın təhlükəsizlik sistemlərinin layihələndirilməsi və yenidən təşkili


   Yanğın təhlükəsizliyi nədən başlayır? Bu sualın cavabı yalnız birdir: yanğın təhlükəsizliyi mütəxəssislər tərəfindən hazırlanmış savadlı layihədən başlayır. Bu layihə normativ-hüquqi sənədlər əsasında və sifarişçinin maliyyə imkanları və arzuları nəzərə alınmaqla hazırlanır. Lakin bütün hallarda əsas sistemlərin təhlükəsizliyinə və etibarlılığına mütləq şəkildə riayət olunur və bu sistemlərin işinə hər hansı xələl gətirilməsinə yol verilmir. Ən yaxşı effekt isə konstruksiyanın yaradılması mərhələsində yanğın təhlükəsizliyi sistemlərinin layihələşdirilməsi zamanı əldə edilir.


   Alovla bağlı təhlükəli vəziyyətin yaranmaması üçün ilkin olaraq layihədə bir sıra tədbirlər nəzərə alınır. Daha sonra, burada, yanğın baş verən zaman hadisə yerində olan insanların həyatlarının təhlükəsiz edilməsi və onların təhlükəli zonanı vaxtında tərk etməsi məsələsi həll edilir. Yanğın təhlükəsizliyi sistemi layihələrinin üçüncü tərkib hissəsi - alov və tüstü ilə effektiv mübarizə tədbirlərinin işlənib hazırlanmasıdır.


   Layihələşdirmə zamanı konstruksiyaların oda davamlılığı, insanların təxliyyə (evakuasiya) yolları, yanğın əleyhinə vasitələrin dislokasiya yerləri və həmçinin, əsas yanğın təhlükəsizliyi sistemləri: avtomatik yanğınsöndürmə, yanğın siqnalizasiyası, avtomatik xəbərdarlıq, tüstünün çıxarılması, oddan müdafiə və s. təhlükəsizlik sistemləri nəzərə alınır.