Qaz vasitəsilə avtomatik yanğınsöndürmə sistemi


   Yanğınsöndürmə sistemləri bu sistemlərdə tətbiq olunan alov söndürən agentin növündən (məsələn: su, köpük, təmiz təsirsiz və sintezləşdirilmiş qazlar kimi) asılı olaraq fərqlənirlər. Yanğın hadisəsi zamanı yanğından mühafizə edilən obyektin xüsusiyyətindən asılı olaraq, bu və ya digər alov söndürmə agentindən istifadə olunur. Alov söndürən agentlər sırasında FM200 markalı sintezləşdirilmiş qaz məxsusi bir yer tutur.

   Təcrübə onu göstərmişdir ki, insanların yaşadığı və yaxud çalışdığı yerlərdə və həmçinin, bahalı elektron avadanlığı və ya qiymətli şeylərin saxlandığı yerlərdə, arxivlərdə və anbarlarda FM200 qazının tətbiq edilməsi daha məqsədəuyğundur. Çünki, su və yaxud köpük, server və ümumiyyətlə kompüter texnikasına zərər verə, bu texnikanı sıradn çıxara bilər. FM200 qazından istifadə zamanı isə belə təhlükə istisna edilir.

   Qaz vasitəsilə yanğınsöndürmə sistemindən istifadə zamanı yanğın baş verən yerdə yanma prosesinin getməsinin qeyri-mümkün edilməsi üçün, burada məxsusi bir qaz mühiti yaradılır. FM200 sintezləşdirilmiş qazın tətbiqinin bir sıra üstünlükləri vardır. Bu üstünlüklərin bəzilərini nəzərdən keçirək.

   Əvvəla, sintezləşdirilmiş qazdan istifadə edilməsinin ən mühüm üstünlüyü - onun həm insan üçün, həm də ki, elektron avadanlıq üçün təhlükəsiz olmasıdır. Yanğının söndürülməsi zaman qaz elə konsentrasiyada istifadə olunur ki, insan həyatı və səhhəti üçün təhlükə kəsb etməsin. FM200 qazının tətbiqi zamanı otağın havasında olan oksigenin konsentrasiyası 3%-ə qədər azalır. Havanın belə tərkibi yanğının davam etməsi üçün kifayət olmamaqla bərabər, buradakı adamların çətinlik çəkmədən nəfəs almalarına imkan verir.


   Bahalı elektron avadanlıqlar və həmçinin qiymətli sənədlər saxlanan yerlərdə də FM200 sintezləşdirilmiş qazından istifadə çox əlverişlidir. Bu cür yerlərdə yanğın baş verən zaman FM200 qazı tətbiq edildikdə, yarana bilən ən ziyanlı effekt – burada hərarətin çox cüzi şəkildə aşağı düşməsi ola bilər.  Bu da ki, elektronikaya heç bir mənfi təsir etmir. Qaz avadanlığın aşınmasına (korroziyasına) gətirib çıxarmır və cərəyan keçirmir.