Yanğınsöndürmədə robotlardan istifadə


   Yanğınsöndürmədə istifadə olunan robotlar məsafədən idarəedilən, maili və 360 dərəcə dönən ucluqla (soplo) təchiz edilmiş altlıqlı (lafet) lülədən ibarətdir. Bu cür qurğular xüsusi zərbəyə və partlayışadavamlı gövdələrdə (korpuslarda) yığılmış və həm idarəedilən, həm də avtonom rejimdə ekstremal şəraitdə işləmək üçün nəzərdə tutulmuşdur.


   Yanğınsöndürmənin tam muxtar (avtonom) şəkildə aparılmasının həyata keçirilməsi üçün stasionar robotda süni intellekt sistemi tətbiq edilmişdir. Süni intellekt sistemi yanğınsöndürən robota özünün müxtəlif səpkili xəbərdaredici cihazlarından məlumat toplamağa, bu məlumatı təhlil etməyə və istisna metodu ilə yanğının vəziyyətini müəyyən etməyə imkan verir. Sistemin bir sıra amilləri və siqnalları təhlil etməsi, yanğının söndürülməsi zamanı xəta və səhvlərdən yayınmağa imkan verir.


   Məsələn, dəniz platformasının üzərində quraşdırılmış belə altlıqlı lülə, suyun parıltısını yanğın mənbəyi kimi qəbul etməyəcəkdir. Çünki, digər cihazlardan gələn məlumat bu siqnalı təsdiq etməyəcəkdir. Sistemi başqa cür instalyasiya da etmək mümkündür. Bu zaman robot sistemin seqmentlərindən birinə çevrilərək, hərəkətlərini mərkəzi idarəetmə sistemi ilə, elektron cihazlarla və yaxud işçi heyətlə koordinasiya edib, məlumatı avtomatlaşdırılmış idarəetmə sistemindən alacaqdır.