Odsöndürənlərə təhcizat və onlara xidmət


   İllər və əsrlər keçir, artıq yanğınların yalnız su ilə söndürüldüyü dövrlər də arxada qalmışdır. Müasir zamanımızda alovlanmanı elə lap başlanğıc anındaca söndürmək üçün artıq əlimizin altında bir neçə vedrə suyun olması vacib deyildir – çünki bunun üçün müasir yanğınsöndürən vasitədən – odsöndürəndən istifadə etmək kifayət edir. Yanğın təhlükəsizliyi qaydalarına görə bütün istehsalat və ictimai yerlərdə, həmçinin bütün nəqliyyat vasitələrində odsöndürən olmalıdır.


   Odsöndürən – xüsusi yanğın söndürən vasitələrin köməyi ilə alovlanma ocağını söndürmək üçün nəzərdə tutulmuş yanğın avadanlığı növüdür. Nəql edilmə üsuluna görə odsöndürənlər üç növ olur: daşınan, səyyar və stasionar. Odsöndürənlər müxtəlif həcmli od söndürən maddəyə malik olurlar və müxtəlif ölçülü yanğınlar zamanı istifadə edilirlər. Daşınan və səyyar odsöndürən növləri insanın iştirakı ilə istifadə oluna bilirlər. Stasionar odsöndürən isə mümkün yanğın ocağının bilavasitə yaxınlığında quraşdırılır və avtomatik şəkildə işə düşür.


   İstifadə etdikləri od söndürən maddənin növünə görə də odsöndürənlər bir neçə yerə bölünürlər. Belə odsöndürənlər: tozla işləyən, qazla işləyən, köpüklü və su ilə işləyən növlərdir. Odsöndürən növlərinin hər biri beş səviyyəli mürəkkəblik dərəcəsi olan müxtəlif tipli yanğınların söndürülməsi üçün nəzərdə tutulmuşdur.